Yazıya başlamamışdan əvvəl onu qeyd edim ki, yazını heç kimə ünvanlamıram. Lakin kimsə mövzunu öz üstünə götürüb burada öz obrazını görsə, deməli, o özü həqiqətən də bu cür insandır.
Seçkilərə on günə yaxın bir müddət qaldığı hər kəsə məlumdur. Bu müddət ərzində isə hər seçkiqabağı olduğu kimi, potlaç öz qaydasında irəliləməyə davam edir. Bu il bəxtimizdən bizim asfaltsız küçəmiz də potlaçdan yan keçmədi. Düzdür, təmir işləri başladı, amma sona çatmamış niyəsə dayandı. Yəqin səs toplamağa sakin sayı bizim məhlədəkindən çox olan başqa təmirsiz küçə tapıblar. Lakin mövzumuz bu deyil. Həm də, seçkiyə hələ on gün var, yəqin ona qədər düzələr. Düzəlməsə də sonrakı illəri gözləyərik. Onsuz belə görünür ki, hamı bu hala alışıb, asfaltsız yoldan məmnundur və hər seçki öncəsi eyni ssenarilər təkrar olunur. Yəqin bir gün baş rolda bizim küçəmiz də çıxış edər. İndi isə keçək başlıqda qeyd olunan mövzuya.
Hamıya məlum olan mövzudur ki, seçkiqabağı rayonun, şəhərin bütün aidiyyəti qurumlarında bir canlanma baş verir, həyat müvəqqəti olaraq rənglənməyə başlayır. Elə bu zaman əhalidə də bir canlanma baş verir, hamı dövlətdən öz haqqını tələb edir, yaşadığı yerdəki çatışmazlıqları görüb ərizə yazır və sair. Bu mövzuya dair daha çox oxumaq istəsəniz redaktorumuz Azər Musaoğlunun “Seçkiqabağı vətəndaşı və seçkiqabağı hakimiyyəti” başlıqlı məqaləsini oxumağınızı tövsiyə edirəm. Hər seçki öncəsi şahid olduğumuz potlaçları böyük ustalıqla öz yazısında əks etdirib. Mən elə düşünürdüm ki, hakimiyyət həmişə bu potlaçı eyni qaydada yerinə yetirir. Amma fərqinə vardım ki, “menyuya” yeni bir üsul əlavə ediblər ki, bu da təhsil sistemi və gənclik mövzusudur.
Bu il namizədliyini irəli sürən partiyalardan biri bu iki mövzuya digərləri ilə müqayisədə daha çox toxunub və hələ “Gələcək sənindir” kimi şüarı belə mövcuddur. Həmin partiyanın üzvləri, təbii ki, Gürcüstanda yaşayan etnik azlıqlar üçün yaradılmış “1+4” proqramına da toxunaraq potlaç temasını ona da bulaşdırıblar. Onlar hazırlıq kursunun ödənişli (ildə 2250 lari) olması, bu kursda oxuyan tələbələrin mövcud olan tələbə təqaüdündən yararlana bilməməsi və ümumi yataqxana mövzularına toxunublar. Onu da qeyd edim ki, heç də haqsız deyillər. Amma iş orasındadır ki, görəsən sözügedən partiya parlamentə, hakimiyyətə gələndə tələbələrin sözügedən problemləri aradan qalxacaqmı? Yoxsa yenə bütün bu reklamsayağı çəkilişlər yalnız göz boyama üçündürmü? Qaldı ki, tələbə problemlərinə, bu, yalnız hazırlıq kursunun 2250 lari olması ilə bitmir. Yəni əgər bu partiyanın doğrudan da məqsədi bu cür problemləri aradan qaldırmaqdırsa, ilk öncə problemin iyerarxik sistemini qurmalıdır. Tutaq ki, tələbə bir il heç bir ödəmə etmədən hazırlıq kursunu müvəffəqiyyətlə başa vurub bakalavr dərəcəsinə yüksəldi və o, hələ bundan sonra ən azı dörd il universitet oxumalıdır. Bəs sonrakı illər necə? Cavab sadədir: tələbə gürcülərlə eyni qaydada pul ödəyərək bakalavr dərəcəsində təhsil almağa davam edəcək. Bəs hansı biliklə? Məgər hazırlıq kursunda tələbə cəmi bir ilə dili o qədər yaxşı öyrənir? Təəssüf ki, bəziləri üçün bunun cavabı “xeyr”dir. Çünki hamı dili eyni səviyyədə yaxşı öyrənə bilmir. Bunları nəzərə alaraq onu deyə bilərəm ki, buradakı məqsəd diqqəti dövlət dilinin pulla tədris olunmasına yönəltməkdən ibarətdir. Bəlkə diqqətimizi həmin birillik təhsil proqramını ödənişsiz etmək fikrindən döndərib məktəblərdə gürcü dilinin daha yaxşı tədris olunmasına yönəltsək bu daha effektiv nəticə verər və beləliklə hazırlıq kursuna ehtiyac qalmaz.
Yataqxana mövzusuna gəldikdə isə, qeyd etmək lazımdır ki, Gürcüstanda yalnız iki tələbə yataqxanası mövcuddur və milli kimliyindən asılı olmayaraq bütün tələbələr üçün fəaliyyət göstərir. Hər iki yataqxana Tbilisi Dövlət Universitetinin bazasına daxil olduğu üçün hər il bu universitetin tələbələrinin əlaqə nömrəsinə qeydiyyat tarixinin başlaması ilə bağlı mesaj gəlir. İş burasındadır ki, bizim millət yataqxanada qalmaqdansa kirayə ev tutmağa daha çox üstünlük verirlər. Həmçinin bəzi valideynlər üçün gürcülərlə eyni otaqda qalmaqdansa gedib-gəlmək daha yaxşı variantdır.
Gedib-gəlməkdən söz düşmüşkən, heç orada yaşamayıb bir-iki saatlıq dərs üçün üç-dörd saat vaxt itirən tələbələrin vəziyyətindən xəbəri var görəsən həmin partiyanın və ya rayon hakimiyyətinin? Əlbəttə var, sadəcə sərf eləmir. Çünki bu onlar üçün xırda işdir. Lakin müəyyən səbəblər üzündən oxuduğu şəhərdə yaşamayıb gedib-gələn tələbə üçün bu ciddi problemlərdən biridir. Səbəb isə onların ictimai nəqliyyatdan istifadə edərkən üzləşdikləri çətinliklərdir. Bəzən avtobusda oturmağa yer olmur və tələbələr ayaq üstündə getməyə məcbur qalırlar. Oturmağa da yer tapanda ayaq üstə qalan bir nəfər gəlir dayanır başının üstündə, başlayır deyinməyə ki, böyüyə hörmət qalmayıb, nə bilim nə...
Kirayədə yaşayan tələbənin problemi isə, təbii ki, puldur. Onlar ailələrinə çox yük olmamaq üçün işləməyə başlayırlar. Kimisi mağazada, kimisi isə leqal olan kazinolarda. Bu vəziyyətdə yaşayan tələbələr üçün qaldırılan problem isə bizimkilərin niyə təqaüd proqramından yararlana bilməməsi məsələsi olur. İşin bu mərhələsində yuxarıda bəhs etdiyim iyerarxik sistem qüvvəyə minir. Əgər siz və ya hazırkı hakimiyyət bu xırda problemləri gözardı edib daha böyük problemləri irəli sürürsünüzsə, onda iş sistem olmaqdan çıxır. Bir də ki, Azər Musaoğlunun da dediyi kimi, bu cür mövzular həmişə seçkiqabağı qaldırılır. Əgər bir partiyanın məqsədi həqiqətən insanların problemlərini aradan qaldırmaqdırsa, onda seçkiləri gözləmək lazım deyil. Bəlkə əvvəlcə fəaliyyətə başlanılması insanların inamını daha da gücləndirər və hakimiyyətə gələn məhz onlar olar. Digər tərəfdən bunlar hamısı reklamdır və partiyaların heç biri hakimiyyətə gəldikdən sonra vədlərini yerinə yetirmirlər. Çünki onlar ölkənin ekonomik vəziyyətini nəzərə almadan boylarından böyük sözlər verirlər. Gəlin bir az realist olaq və düşünək ki, bizim dövlət büdcəmizin təhsil sahəsinə ayırdığı məbləğ o qədər tələbənin təhsil haqqını qarşılamağa yetərlidirmi? Bu cavabı sözügedən partiyaya buraxaq məncə. O partiyaya ki, “Gələcək sənindir” şuarı altında gənclərə müraciət edir və onun ali təhsil almaq istəyən gəncliyi universitetə avtobusda ayaq üstündə gedirlər və pul qazanmaq üçün kazinolarda işləyirlər.
Çiyalə OSMANOVA