Artıq müəyyən zamandır Tbilisidə baş verən hadisələrdən demək olar ki, hamı xəbərdardır. Son bir neçə həftədir ki, rus qanununun əleyhdarları hər gün Tbilisinin küçələrinə axışaraq etiraz aksiyaları keçirirlər. Gürcüstanın sakit və inkişaf etmiş gələcəyini Avropada görən hər bir vətəndaş öz arzu və istəyi ilə bu aksiyalara qoşulur. Əslində onları dindirəndə ki, Avropa, yoxsa Rusiya tərafdarısınız, onlar sülh və müstəqillik istədiklərini deyirlər. 70 il rus hakimiyyəti altında qaldıqlarını, bunun onlara azadlıq vermədiyini və xoşbəxt gələcəyin Avropa olduğunu söyləyirlər.
Bu sözləri öz millətimizdən eşitmək çətin, hətta qeyri-mümkündür deyə bilərik. Çünki bizimkilər sovetpərəstdirlər. Gürcülərlə eyni dövrdə, eyni ölkədə Sovet İttifaqının hakimiyyəti altında yaşadıqlarına baxmayaraq bizimkilər Rusiyaya, Sovet İttifaqına daha çox can atıblar və həmişə onun tərəfdarı olublar və bu gün də eyni qaydada davam edirlər. “Heyif deyildi Sovetin dövrünə; Sovetin vaxtında beləmi idi?; İş obyektləri elə, ticarət belə” sözləri bu sovetpərəstlərin dilində şüara çevrilib. Mən hələ indiyə kimi bir nəfər gürcüdən bu və bu kimi sözləri eşitməmişəm. Sanki Sovetin vaxtında biz azərbaycanlılarla gürcülər üçün ayrı-ayrı düşərgələr yaradılıbmış və sanki bizim daha çox üstünlüyümüz varıymış kimi bir ab-hava yaradırlar. Eyni dövrdə eyni dövlətin ərazisində yaşayan, bərabər hüquqlara sahib olan, yaşam standartları eyni olan, sosial həyatda eyni öhdəliklərə malik olan bu iki millətin hansı səbəblərə görə fərqli düşüncəyə, fərqli hakimiyyətə can atdıqlarını aydınlaşdırmaq mənim üçün həqiqətən çətindir.
Bir tərəf 45-46 il əvvəl Konstitusiyada gürcü dili qarşısında “dövlət dili” və “ana dili” sözləri olmadığı üçün etiraz aksiyası edib, digəri üçün isə bu adi hal olub. Biri müstəqillik gününü böyük təmtəraqla qeyd edərkən, digəri Sovetin dağıldığına heyifsilənir. Biri bu gün Avropaya can atır, digəri üçün Avropa da, Asiya da, Amerika da Rusiya deməkdir. Biri sosial və ekonomik cəhətdən inkişaf etmiş gələcək üçün mitinqlər keçirir, digəri maraq üçün mitinqdə iştirak edib sabahısı günü qınaq dolu sözlərlə gürcüləri lağa qoyub, yağlı-buğlu sözlərlə rus qanununu tərifləyir, özü ilə eyni düşüncəyə sahib gənclər yetişdirir. Bax, bu da sizə əməli ilə fikri bir-birinə əks olan insan silueti.
O qədər sovetpərəstdirlər ki, müharibəni belə gözə alıblar. Adım kimi əminəm ki, “bir də baxdın rus Ukraynanın gününə saldı gürcüləri; 1-2 yeri bombalasa bəs edər; havada bir neçə hərbi təyyarə uçuşları təşkil etsə bəs edər; gürcünün nəyi var, bir ovuc torpaqdır, bir də gördün rus qatıb öz ərazisinə” sözləri heç kimə yad olmaz. Bunu deyənlər daha düşünmürlər ki, biz də bu ölkənin bir vətəndaşıyıq. Allah uzaq eləsin, bu cür bir fəlakət baş versə biz də zərər çəkəcəyik. Bu nəyin ayrı-seçkiliyidir, anlamıram. Elə bizim inteqrasiya ola bilməməyimizin ən böyük səbəbi də budur – fərqli dünya görüşü, fərqli hakimiyyət tərəfdarı olmaq, yenidən çox köhnə idarəetmə sisteminə üstünlük vermək.
Demirəm Sovet tamamilə yetərsiz bir ittifaq idi. Amma o qədər ideal deyildi. Çünki əgər belə olsaydı yəqin bu gün də mövcud olardı. Əgər bu gün başqa standart yaşam tərzinə, idarə formasına keçmək lazımdırsa Avropaya üstünlük vermək lazımdır. Amma bu ixtiyarı sovetpərəstlərə deyil, Avropa standartlarına cavab verən cəmiyyətə vermək lazım. Çünki onlar sintez olmağı və tolerantlığın hökm sürdüyü mühiti yaratmağı yaxşı bacarırlar.
Sovetpərəst nə bilir Avropa nədir. Onlar üçün Avropa və “Yevropa” fərqli anlayışlardır. Düşüncəsi kif iyi verən bir qrup şəxsdən nə müasirlik, nə inkişaf gözləmək olar?
Çiyalə OSMANOVA