Hər şey insanın özündən asılıdır. Oxuyan hər yerdə oxuyar. Bacarıqlı adam hər şəraitdə irəli gedib uğur qazana bilər. Zəhmət hədər getməz. İstedad varsa, mütləq parlayacaq... Məncə, zərb-məsəllərə çevrilmiş bu və bu kimi fikirlər yanlışdır. Bu fikirlərlə ya özümüzə təsəlli veririk, ya da bilərəkdən özümüzü aldadırıq.

 

Axı hamımız da bilirik ki, hər şey insanın təkcə özündən asılı deyil, bir az da atasından-anasından, qardaşından-bacısından, əmisindən-dayısından, nənəsindən-babasından asılıdır. Bəli, hətta atası-anası, qardaşı-bacısı, əmisi-dayısı, nənəsi-babası olmayanların da hər şey özündən asılı deyil. Onların fiziki təkliyi ilə belə hər şey həm də bir az müəllimdən, həkimdən, polisdən, fermerdən, biznesmendən, hakimdən, merdən, deputatdan, nazirdən, prezidentdən asılıdır.

 

Axı hamımız da bilirik ki, döşəməsi torpaq olan tövləyə oxşar məktəbin soyuq sinif otaqlarında qeyri-peşəkar müəllimlərdən dərs alaraq oxumaqla müasir texnologiyalarla, laboratoriyalarla təchiz edilmiş məktəbdə peşəkar müəllimlərdən dərs alaraq oxumağın arasında dağlar qədər fərq var. Bilirik, amma yenə də ya özümüzə təsəlli veririk, ya da özümüzü aldadırıq. Bilirik ki, keyfiyyətli orta və ali təhsil insanın taleyinə birbaşa təsir edir.

 

Axı hamımız da bilirik ki, bacarıqlı adamın irəli gedib uğur qazanması üçün yaxşı şərait olmalıdır. Yaxşı bar ağacı pis torpaqda, kübrəsiz, susuz, bağbansız quruduğu kimi, bacarıqlı adam da pis şəraitdə bacarığını göstərə bilmir, bacarığını realizə edə bilmir, məhv olub gedir.

 

Axı hamımız da bilirik ki, nə qədər çalışırsan çalış, zəhmət çəkirsən çək, döz, səbr elə, əgər sənin zəhmətin kütlənin, doğulduğun coğrafiyanın maraq, tələb və dəyərlərinə “cavab vermirsə”, zəhmətin də hədər gedəcək, zamanın da, ömrün də. Təəssüf ki, insan doğulacağı yeri özü seçə bilmir. Axı hamı hicrət edə bilmir. Belə halda vətən də zindan olur. Ya əyilib mədən üçün çabalamalısan, ya da istədiyin ölkəni özünə ögey vətən seçib ora sığınmalısan.

 

Axı hamımız da bilirik ki, istedad cilalanmayanda sönür. Sənin ata-anadan, bacı-qardaşdan, əmi-dayıdan, nənə-babadan, müəllimdən, həkimdən, polisdən, fermerdən, biznesmendən, hakimdən, merdən, deputatdan, nazirdən, prezidentdən asılı olaraq döşəməsi torpaq olan tövləyə oxşar soyuq sinifdə qeyri-peşəkar müəllimlərdən dərs alaraq irəli gedib uğur qazana bilməyərək zəhmətinin hədər getməsi ilə istedadın sönür də, hələ bir külə dönüb küləklə sovrulur da. Çünki sənin özünün seçmədiyin bu coğrafiyada istedad həyasızlıq, dələduzluq, yalançılıq, tanışlıq, yaltaqlıq və pulla ölçülür. Çünki başına qaxılmış bu vətəndə sənin istedadın heç kimə para qazandırmır, vəzifə vermir. Burada istedad bəlkə də ən lazımsız şeydir, istedadlı adam ən bacarıqsız adamdır, nə dəyərin bilinər, nə hörmətin olar, nə də var-dövlətin.

 

Ona görə də dəyərinin, hörmətinin, var-dövlətinin olmasını istəyənlər ya bazarlara üz tutur, ya siyasətə, ya da bacarsa qürbətə; ya alverçi olur, ya deputat, ya da imiqrant. Çünki burada hörmət başqa meyarlarla ölçülür.

 

Onlarla gənc tanıyıram ki, hər şey insanın özündən asılı olmadığına görə, imkansızlıqdan ali təhsil ala bilmədiyinə görə və ya keyfiyyətsiz təhsil aldığına görə, etnik azlıq olduğuna görə, istiqamət verəni olmadığına görə, daydayı olmadığına görə, diqqətdən kənar qaldığına görə, valideynlərin məsuliyyətsizliyinə görə, cəmiyyətin anormal dəyər və meyarlarına görə, məişət qayğı və problemlərinə görə, erkən yaşda ailə qurmağa məcbur edildiyinə görə istedadları söndürülüb. Bu gün o gəncləri soyuq bazarlarda, ağır tikintidə, yanacaqdoldurma məntəqələrində, taksilərin sükanı arxasında, məişət yükünün altında görəndə ölkə istedadlar qəbiristanlığını xatırladır...

 

Azər MUSAOĞLU