Uçmaq feilini insanlar üçün də işlədə bildiyimiz bir dövdrə qanadlar o qədər də əhəmiyyət daşımır. Məsələn, qaranquş Afrikadan uçub gəldiyi kimi, insan da təyyarəylə Tiflisdən Bakıya uçub gedə bilir. Bir də var, quş olasan, uçmaq üçün orqanın, yəni qanadın ola, amma uça bilməyəsən. Məsələn, dəvəquşu kimi...
Deməli, qanad təkcə uçmaq üçün deyilmiş, həm də uçmamaq üçünmüş, qanad həm də himəyə etmək, qorumaq, sığınacaq olmaq üçünmüş. Axı dilimizdə qanad gərmək (himayəsi altına almaq), qol-qanad vermək (ruhlandırmaq), qanadı altına almaq (qorumaq), qanadı altına sığınmaq (qorunmaq üçün kiminsə himayəsinə keçmək), qanadı altında böyümək (himayə və qayğı ilə böyümək), qanadlandırmaq (ürəkləndirmək, cürətləndirmək) kimi ifadələr var. Dilimizdə həm də qanadı qırılmaq (köməksiz qalmaq), qol-qanadını qırmaq (köməksiz, kimsəsiz qoymaq), qol-qanadı sınıb yanına düşmək (sarsılmaq) kimi ifadələr də var. Bu qanadlı sözləri çox uçurtmadan keçirəm sözümün mustafasına.
Nə yaxşı ki Allah dəvəyə qanad verməyib, nə yaxşı ki dəvəquşu uça bilmir, yoxsa uçurmadıqları dam-daş qoymazdılar...
Son zamanlar ziyalı ifadəsi dəvəquşunun qanadını xatırladır. Amma dəvəquşunun funksiyası uçmaq olmayan, lakin öz yumurtasını, balalarını qorumaq, himayə etmək üçün istifadə etdiyi qanadlarından fərqli olaraq ziyalı nə qanad gərir, nə qol-qanad verir, nə qanadı altına alır, nə qanadlandırır. Ziyalı ya dəvəquşu kimi başını quma soxub gizlənir, ya da fəaliyyəti konyunkturadan ibarət olur, azad uçmaq istəyənlərin qol-qanadını qırır, qəfəsə saldırır və s. Meydan qalır ziyanlılara, diletantlara, konyunkturaçılara, peşekərlərə (Borçalıda yük atına deyilir)...
Dəvəquşuna dedilər: qaç, dedi: quşam, dedilər: uç, dedi: dəvəyəm. Ziyalı da eşitmək lazım gələndə kar oldu, görmək lazım gələndə kor oldu, danışmaq lazım gələndə lal oldu, susdu. Ziyalı üçün susmaq qızıl deyil, razılıq əlamətidir. Nə qədər ki, ziyalı danışmaq, fikir bildirmək, mövqe sərgiləmək əvəzinə dəvəquşu taktikasından istifadə edəcək – ziyanlı olacaq. Nə qədər ki, ziyalı yalan danışacaq, yalançıya şahidlik edəcək, haqsızın tərəfində olacaq – ziyanlı olacaq. Nə qədər ki, ziyalı işini itirməkdən qorxacaq, qohumlarının işdən qovulmasından qorxacaq – ziyanlı olacaq. Nə qədər ki, ziyalı yaltaqlanacaq, yarınacaq – ziyanlı olacaq. Nə qədər ki, ziyalı beyni ilə yox, mədəsi ilə düşünəcək, cibləri ilə arzulayacaq – ziyanlı olacaq. Nə qədər ki, ziyalı zorla ərə verilmiş azyaşlının toyunda sağlıq deyib, qol-qanad açıb oynayacaq – ziyanlı olacaq. Nə qədər ki, ziyalı qaçırılmış qızın ailəsini razı salmaq üçün vasitəçilik edəcək, barışıqlıq aparacaq – ziyanlı olacaq. Nə qədər ki, ziyalı hakimiyyətin ağzı olacaq, qulağı olacaq, hakimiyyəti tərifləyəcək, seçkiləri saxtalaşdıracaq – ziyanlı olacaq. Nə qədər ki, ziyalı pula, vəzifəyə görə vicdanını satacaq – ziyanlı olacaq... Və bu ziyan əsl ziyalıların qurduğu bünövrəni darmadağın edəcək, uçuracaq.
Uçmaq feili həm də yıxılmaq, düşmək, dağılmaq mənasında işlədilir. Dəvəquşu taktikasından istifadə edərək başlarını yerə soxub guya gizlənən ziyalılar funksiyasız qanadları ilə feilin məhz bu mənasında uç(ur)urlar.
Azər MUSAOĞLU