İndi hansına inanasan, hansını şüar edib yaşayasan, hansına həyatını həsr edəsən, hansının arxasıyca gedəsən, hansından ilham alasan, hansını bədəninə tatuaj etdirəsən?.. Gah deyir: palaza bürün, elnən sürün; gah da deyir: el üçün ağlayan iki gözündən olar...
Görəsən, bu qədər ziddiyyətli kodları şüuraltında daşıyan ikinci başqa millət varmı? Özümüzü, sözümüzü dərk edəndən ta qocalıb başımızı, yaddaşımızı itirənə qədər qulaqlarımıza sırğa edilən, nəsildən nəslə, ağızdan ağıza ötürülən bu kəlləmayallaq sözləri, bu ziddiyyətli fikirləri daşımağa, yaxşı ki, beyinlərimiz dözür, “error” vermir.
Əvvəla, mən, sən, o palaza bürünüb elnən sürünsə, bəs kim bizim halımıza ağlayacaq, kim bu sürünməkdən illərin, izlərin tozunu, torpağını canına hopdurmuş əski palazları yırtıb çıxacaq, kim bizi ayağa qaldıracaq? Axı palaza bürünəndə ayağa qalxmaq mümkün olmur, əlin-ayağın bağlanır, edə biləcəyin yeganə hərəkət elə sürünmək olur, o da, əgər sürünmək üçün gücün və bacarığın varsa...
Nə vaxtdan sürünmək insan işi olub, hünər olub ki, sürünməyi əsrlərdir bizə məsləhət görürlər. Sürünmək belə xoşunuza gəlirsə, özünüz dizləriniz yırtılana qədər, dəriniz sıyrılana qədər sürünə bilərsiniz. Axı indi sürünmək də “könüllüdür”. Bəlkə biri sürünmək istəmir, sürünənlərin halına ağlamaq istəyir, əl uzadıb ayağa qaldırmaq istəyir ki, insan kimi yerisinlər, qaçsınlar. Belə sürünməklə hələ çox dalda qalacağıq...
Axı niyə qoymursunuz kimsə el üçün ağlasın, niyə iki gözündən olacaqsan deyə qorxudursunuz? Kim ən əziz orqanından – gözlərindən keçər axı?.. Bu qorxu ilə yüklənmiş hansı uşaq böyüyüb el üçün ağlayar?! Bu uşaq böyüyəndə göz yaşını gizlətmək üçün və yaşamaq uğrunda mübarizə instikti ilə eli ağladacaq, ağlar qoyacaq hamını. Çünki iki gözündən olmaq istəməyəcək, yemək, içmək, gözəl yaşamaq, varlanmaq istəyəcək. Axı ya gərək palaza bürünüb elnən sürünə, ya da el üçün ağlayıb gözsüz qala... İkisinin də adekvat seçim olmadığını bildiyi üçün öz bildiyi kimi hərəkət etməyə məcbur olacaq. Üstəgəl sözə də şübhə ilə yanaşacaq, inamını itirəcək.
Çünki bu təkcə palaza bürünüb elnən sürünməklə və el üçün ağlayaraq iki gözündən olmaqla bitmir. Bunun hələ beynini dəng eliyən bu günün işini sabaha qoyma və tələsən təndirə düşər; danışmaq qızıldırsa, susmaq gümüşdür və susmaq razılıq əlamətidir; əyri otur düz danış və düz düzdə qalar; öyrənmənin yaşı yoxdur və qırxında öyrənən, gorunda çalar; artıq tamah baş yarar və çox pul cib deşməz; qız yükü, duz yükü və qız qalar, qızıla dönər; ad adamı bəzəməz, adam adı bəzəyər və adı gözəl olanın özü də gözəl olar və sair kimi ziddiyyətli, baş sındıran, adamı dəli edən, şüuraltında ilişib qalmış onlarla atalarından ötürülən kodlar vardır.
İndi siz deyin, axı hansına inanasan, bu ümummilli ziddiyətlərin hansını şüar edib yaşayasan, hansına həyatını həsr edəsən, hansının arxasıyca gedəsən, hansından ilham alasan, hansını bədəninə tatuaj etdirəsən?..
Bəs siz hansılardansınız: sürünənlərdən, yoxsa ağlayanlardan?..
Müəllif: Azər MUSAOĞLU