Bu seçkiqabağı nə olan şeydirsə hamını latergiya yuxusundan oyadır, buzları əridir, hərəkətə gətirir; sənəd-sünəd işi yarımçıq qalanlar tozlanmış qovluqlarını qarpızlanmış qoltuqlarına alıb hökumət idarələrini yağır edirlər; yoluna asfalt tələb edən kim, məhləsinə işıq tələb edən kim, su, qaz, kanalizasiya tələb edən kim... Biri əlində kağız qapı-qapı düşüb qonum-qonşudan imza toplayır ki, hökumət sahibsiz itlərə sahib çıxsın. Biri cibində kağız qapı-qapı düşüb iti olmayanlardan hökumətə şikayət toplayır ki, sahibli itlərin sahibləri öz itlərinə sahib çıxsınlar, küçəyə buraxmasınlar, ac saxlamasınlar, yoxsa gələnə-gedənə hücum edirlər, toyuğu-cücəni yeyirlər və sair. Biri məhləsinə zibil yeşikləri qoydurur. Biri başıpapaqlıları çayxanaya toplayıb danlayır ki, gəlin yığılıb gedək meriyadan çayxana üçün tualet tikməyi tələb edək, qarşıdan qış gəlir. Biri başıqapazlıları başına toplayıb məsləhət görür ki, niyə lal-dinməz oturmusunuz, gedin hökumətə başınıza dəyən qapazlardan şikayət edin. Biri başıqotazlıları qandırır ki, fürsətdir, gedin hökumətdən təzə, Avropa standartına uyğun qotaz istəyin. Biri yarımçıq qalmış evini tikməyə başlayır. Biri yarımçıq qalmış tövləsini uçurmağa başlayır. Biri çəpərini hasar edir. Biri yolu cığır edir. Biri üç-dörd ağac əkdiyi yeri özəlləşdirir. Biri əyri burnunun plastik əməliyyatı üçün hökumətdən yardım istəyib özünü gözəlləşdirir. Biri sovetdən qalmış maşınını texniki baxışdan keçirtdirir. Biri Nuh əyyamından qalmış vergisini sildirir. Biri məktəbin, uşaq baxçasının, xəstəxananın yanından “moyka” tikdirir. Biri yolun ortasından “obyekt” tikdirir və beləcə seçkilər qurtarana kimi hamı hardan nə istəyir tikdirə-tikdirə gedir...
Və bu “oyanış”, bu qaç-qov, bu uçur-tik, bu gözəlləşdir-özəlləşdir seçkiqabağı baş verir. Yəni: ay filankəs, evimin bünövrəsinin düz dibindən şoğərib bir tut ağacı böyüyür, az qalır evin bir tərəfini qaldırıb uçura, fidan vaxtı fikir vermədik, kökünü kəsmədik, indi kəsmək üçün gərək gedək hökumətdən icazə alaq, yoxsa cərimə ödəməli olarıq. – Ay bəhmənkəs, heç narahat olma, seçkiqabağıdır, nə qədər ki fürsətdir, kəs o tut ağacını. Və ya: ay camaat, niyə durursunuz, seçkiqabağıdır, gəlin gedək meriyaya şikayət edək, bu elektrik dirəyinin yanmış lampasını dəyişsinlər, bir aydır axşamlar evə kor kimi gedirik.
Axı bu bir lampa nədir ki, sən onu dəyişdirmək üçün oturub ildə bir dəfə seçkiqabağını gözləməlisən... Ümumiyyətlə, bütün bu işləri görmək üçün seçkiqabağını gözləməli olduğunu kim deyib, harada yazılıb?.. Nə fərqi var axı – seçiqabağı oldu, ya seçkidalı, hökumət öhdəliyində olduğu işləri vaxtı-vaxtında görməlidir. Day sən də yanmış lampanı dəyişdirmək üçün seçkiqabağını gözləməməlisən. Sən seçkiqabağını demokratik seçkilərin keçirilməsi üçün gözləməlisən, hökumətdən minnətli iş xahiş etmək üçün yox...
Bu seçkiqabağı özbaşnalıqdır, dərəbəylikdir-nədir, sən onu gözləyib qanunsuz-qanunlu bütün işlərini məhz seçkilər yaxınlaşanda görməlisən. Bu şəraiti sənə kim yaradıb axı? Hökumətmi, özünmü?..
Məgər bilmirsənmi ki, yanmış elektrik lampasını dəyişdirmək üçün bir il seçkiləri gözləməyə ehtiyac yoxdur, elə lampanın xarab olduğu gün sən aidiyyatı orqanlara müraciət edə bilərsən. Ümumiyyətlə, sənin müraciətinə ehtiyac belə olmamalıdır, sən müraciət etmək fikrinə düşməmiş aidiyyatı qurumlar o lampanı dəyişməlidirlər. İndi deyəcəksən ki, bəlkə min dəfə müraciət etmişik, gəlib düzəltməyiblər, amma seçkiqabağı müraciət edən kimi gəlib düzəldirlər. Deməli, bu şəraiti sən yaratmısan, sənin kimilər yaradıblar. Deməli, sən tamhüquqlu vətəndaş kimi özünü elə aparmalısan ki, lampanın dəyişdirilməsi üçün nə seçkiqabağını, nə seçkiortasını, nə də seçkidalını gözləyəsən...
Yoxsa elə beləcə də davam edəcək – hökumət sənin yadına seçkiqabağı düşəndə, sən də hökumətin yadına seçkiqabağı düşəcəksən. Sən olacaqsan seçkiqabağı vətəndaşı, hökumət də olacaq seçkiqabağı hökuməti.
Nə isə... Seçkilər yaxınlaşır, oturub bir il yenə xarab olmuş lampanı dəyişdirmək üçün seçkiqabağını gözləməyəsən deyə sadəcə səsvermədə iştirak edib layiqli namizədə səs verməyin yetərlidir hələlik.
Dərdimizə bax, İlahi – lampa dərdi...
Azər MUSAOĞLU