Əcnəbilər seyrə balonlarla çıxır, biz hələ avtobus minməyiriz. Avtomobilin yerinə avtobus yazsaq, yəqin ki, ölməz şairimiz Mirzə Ələkbər Sabirin böyük ruhu inciməz.

 

Dünyanın kosmosa turist səyahəti söhbəti fonunda bizim rayondan paytaxta (dəqiq desək: Qardabanidən Tbilisiyə) və ya əks istiqamətdə gedib-gəlməyimiz dözülməz əzaba çevrilib. Yayın istisində “marşrutka” dediyimiz bu cəhənnəmin qır qazanı olan mikroavtobuslarla rayondan paytaxta gedib çıxana kimi elə bu dünyadaca qır qazanının dadını görmüş olur müasir insan (Müasir insanın dərdinə bax).

 

Qışda soyuducu, yayda təndir olan bu “marşrutkaların” hələ bir qəzəbli, həmişə narazı, aqressiv sürücüsü də var ki, sərnişinlərlə elə davranır, elə bil sərnişinləri toz-torpaqlı, oturacaqları dar, taraq-turuqu adamın başını dəng edən, basabası adamın mədəsindəkini udlağına kimi qaldıran qırıq-sökük “marşrutkada” deyil, pulsuz, öz belində daşıyır.

 

Bu “veçni nedavolnı” qəzəbli sürücülər bu qır qazanına adam çox yerləşsin deyə əlavə oturacaqlar artırıb əzabı çoxaltmaq üçün yerləri daraldırlar. Boyu bir metr altmış santımetrdən uzun olanlar bu oturacaqlara yerləşmirlər. Əgər osteoxondrozun, revmatizman, ürək-damar və digər xroniki xəstəliklərin varsa, vay halına, mənzilə çatana kimi deformasiyaya uğramış olursan. Qismətinə oturmaq düşmədisə bu əzabı bir saat ayaq üstə çəkməli olursan. “Marşrutkadan” düşəndə də boynunu 15-20 dəqiqə düzəldə bilmirsən, sual işarəsinə oxşayırsan. Əgər pəncərələr açılan deyilsə 20-25 adamın ciyərində turşudub buraxdığı karbon dioksidlə nəfəs alırsan, oksigen çatışmazlığından dodaqlarının, gözlərinin ətrafı göyərir, başın gicəllənir, halzıslayırsan. Ağzın nədir saxladıb düşən sərnişindən 70-80 metr sonra sən də saxladasan, sürücü vulkan kimi bir ah-of püskürəcək ki, bəs bayaq saxlamışdım, düşəydin da. Ya gərək səndən əvvəl düşən sərnişinlə bərabər düşüb mənzilinə xeyli piyada gedəsən, ya da gərək səndən əvvəl düşən sərnişinin düşdüyü yerdən ən azı 1 kilometr uzaqlaşıb elə düşüb yenə mənzilinə xeyli piyada gedəsən ki, sürücü narahat olmaya, xətrinə dəyməyəsən (Heyvanına şükür, İlahi!) Ən pisi də odur ki, əgər axşam saat 8-ə qədər bu “marşrutkalara” çatdırdın çatdırdın, çatdırmadınsa paytaxtda qalası olursan, axşam saat 8-dən sonra paytaxtla rayonun əlaqəsi kəsilir, Berlinə uçmaq Qardabaniyə getməkdən daha asan olur (Biz bu “marşrutkalarla” rayondan paytaxta və ya əksinə, adam kimi gedib-gələ bilmirik, görəsən Avropanın harasına kimi gedə biləcəyik?..)

 

Əksər bələdiyyələrə yeni, müasir standartlara uyğun, içi gen-bol, kondisionerli avtobuslar verildiyi halda, Qardabani sakinləri yenə də yolda sökülüb-tökülən, cındırından cin ürkən özəl mikroavtobusların umuduna qalıb istidə, qarda, yağışda yollarda saatlarla “marşrutka” gözləməli olurlar. Bu transport problemi tələbədən tutmuş paytaxt xəstəxanalarında müalicə alan körpə uşaqların, yaşlı insanların, işçilərin, bir sözlə, bütün Qardabani sakinlərinin illərdir həllini tapmayan problemlərindən biri, bəlkə də birincisidir.

 

Problemin nə qədər ciddi olduğunu görmək üçün bircə dəfə yola çıxıb bu “marşrutkalarla” Qardabanidən Tbilisiyə getmək kifayət edir. Yoxsa şuşələrinin qara plyonkasından içərisinə gün işığı düşməyən, kondisionerli ciplərlə işə gəlib, kondisionerli kabinetlərdə ayım gəlsin, günüm keçsin rejimində “işləməyə” nə var. Nənəmin sürücülük vəsiqəsi olsaydı bunu o da bacarardı.

 

Bilmirəm xoşbəxtlikdən, ya bədbəxtlikdən, transport problemi ilə bağlı (digər problemlərlə də bağlı) mənə xeyli şikayətini bildirən, narazılıq edən olub. Elə bil şəhərin meri mənəm. Qınamıram. Yəqin yazı-pozu ilə məşğul olanlara hələ də inam qalıb. Vallah, imkanım olsaydı, oliqarxdan-zaddan olsaydım, Qardabaniyə iki yeni avtobus alıb verərdim, sürücülərinin əməkhaqqını da özüm verərdim, təəssüf ki, özümə velosiped ala bilmirəm. Görünür Qardabani bələdiyyəsi də mənim günümdədir. Avtobus ala bilmirlərsə, heç olmasa bu “marşrutkalara” bir çəki-düzən versinlər, nəzarət etsinlər, qrafiklərinə əl gəzdirsinlər – vaxtı axşam saat 8-dən ən azı 10-na, 11-ə kimi uzatsınlar, sürücülərə insanlarla davranış qaydaları, etika ilə bağlı treninqlər keçsinlər, cərimələr tətbiq etsinlər. İnanın ki, elə bu cərimələrlə Qardabaniyə avtobus almaq olar. Nə isə, görünür Qardabani bələdiyyəsinin işçiləri bu istilərdə (elə soyuqlarda da) öz komfort zonalarını (kondisionerli ciplərini) tərk eləmək istəmirlər. Odey, Rustavi bələdiyyəsi Avropa standartlarına uyğun, Rustavi-Tbilisi istiqamətində sərnişin daşıyacaq 70 ədəd yeni avtobus alır. Mübarək olsun! Rustavi merinin sağ əli bizim merin başına!

 

Deyir, bütün yollar Romaya aparır. Bizim bu Nuh əyyamından qalmış “marşrutkalarla” adam kimi heç Qardabanidən qonşu Rustaviyə gedib-gələ bilmirik. Bizim yollarımızın da Romaya aparmasını istəyiriksə bu transport probleminə Qardabani meriyası mütləq bir əncam çəkməlidir.

Azər MUSAOĞLU