Dönüb keçmişimizin izi ilə geri gedəndə tariximizin bir Tiflis dönəmini maraqlı bir film kimi gözümüz önünə gətiririk. Şeytanbazar, hamamlar, Nəftulluq bazarı, Ortacala, bazar meydanı, Meydan məhəlləsi adlanan yeri çox eşitmişik. Qədim Tiflisin məşhur məhəllələri bizə uzaq gəlsə də özündə az bildiyimiz çox gerçəkləri saxlayır. Bu mövzu bir başqa yazı olacaq, bu gün isə həmin Tiflis qaynarlığında böyümüş, o gündən bu günə bir yol gələn insan haqqında yazmaq istədim.
Mənim bu dəfəki qəhrəmanım Gürcüstanda ziyalıların çox yaxşı tanıdığı, tələbələrin dostu, Tbilisidə mədəniyyət beşiyimizin yüyrüyünü yırğalayan Leyla Əliyevadır. O, 1948-ci ildə dünyaya gəldi. Leyla evlərinə yaxın olan məktəbdə oxuyurdu. Müsbət davranışı, xoş rəftarı onu sinfin hörmətli qızlarındn etmişdi. Milli özəlliyi ilə bərabər dürüstlüyü, sədaqəti və xoş rəftarıyla da fərqləndi. Bu fərqlilik ona yaxşı dostlar qazandırdı.
Məzun olduqdan sonra humanitar sahədə oxumaq istəsə də sinif yoldaşları ilə qərarlaşıb iqtisadiyyata sənəd verdi. Leylanın sadə, səmimi xasiyyəti ona çox dostlar qazandırmışdı. Bu dostlar içində müxtəlif vəzifəli şəxslərin övladları vardı.
Gənc Leyla məzun da oldu. Ailə, uşaqlar onun xeyli zamanını alsa da xeyli sonra arzu və istəklərinin davamı yoluna çıxdı. Bu yolda yaxşı dost, yoldaş olmağın bəhrəsini qazandı. İqtisadçı Leyla xanım ikinci təhsilini də aldı. Bu, artıq onun istəyi idi. 1996-cı ildə Heydər Əliyevə məktub ünvanladı. Məktubda Tbilisidə olan Cəlil Məmmədqulzadə, Nəriman Nərimanov və Mirzə Fətəli Axundov muzeylərindən danışmışdı. Düzdü, bu məktubun sədası illər sonra çıxacaqdı...
2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan mədəni əlaqələri təşkilat formasında yarandı və “Sitkva – Söz” adlandırdığı analitik qəzet təsis etdi. 2005-ci ildə Gürcüstan azərbaycanlılarının təşkilatını yaratdı və prezidenti oldu.
Leyla xanım bir neçə dəfə Azərbaycan rəhbərliyinə muzeylərin bərpası, təmiri haqqında müraciət etmişdir. Nəhayət bir dəfə artıq arxivdən belə Axundovun Tiflisdə rus canişinindən ev tikmək üçün aldığı izacə kağızını da Bakıya yolladı. Bu, barelyef və kiçik muzeylə kifayətlənmişdi. Binanın altı restoran, digər mənzillərdə də ailələr yaşayırdı. Yəni ailələri mənzillə təmin etmək, hər üç muzeyi birləşdirmək böyük maddi dəstəklə bərabər, həm də bir rəsmi kimlik istəyirdi.
Nəhayət 2007-ci ildə “SOCAR” şirkətinin maddi dəstəyi ilə Axundov və Nərimanov muzeyi əsaslı bərpa olundu. 2008-ci ildən isə Axundovun ev muzeyi Azərbaycan mədəniyyəti mərkəzinə çevrildi və Leyla xanım ora direktor vəzifəsinə təyin olundu.
Bu gün artıq Leyla xanım illərdir Tbilisidə yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktorudur. Burada müxtəlif kurslar, dərnəklər; elmi, kütləvi, bədii, ictimai tədbirlər mütəmadi olaraq qeyd olunur. Hətta Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları üçün də bu məkan bir toplum yeri, bir yurd yeridir. Muzeyin birinci mərtəbəsində “Axundov kafe” yerləşib. Maraqlı tərəfi odur ki, kafeyə gələnləri ev sahibinin – Axundovun mum heykəli qarşılayır.
Leyla xanımın nəvəsi Leyla da müzeydə nənəsi ilə birlikdə çalışır. Xarici dillər mütəxəssisi olan nəvə Leyla əcnəbi qonaqlara Azərbaycan mədəniyyətindən, XIX əsr Tiflisdəki maarif, mətbuat, inqilab, intibah dövründən sevə-sevə danışır...
Nə gözəl ki, bu gün Rustavi, Bolnisi, Qardabani, Dmanisi, Marneulidə inteqrasiya mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar Leyla xanımın açdığı o cığırdan başlayan yoldur. Hansı ki, o yol üçün illərlə cəhd göstərənlər vardı. Bax, əvvəldə danışdığım yaxşı dostların yaxşı niyyətlərə dəstəyi bugünkü yolun cığırına işıq salmışdır.
Leyla xanım bacardığı qədər imkan və fürsətlərdən istifadə edərək hətta beynəlxalq müsabiqələrdə, təşkilat yığıncaqlarında Azərbaycan mədəniyyətini fəxrlə təbliğ etdirir. Gürcüstan muzeylərində olan Borçalı tarixini əks etdirən xalçalardan musabiqələrdə nümayiş etdirir.
Leyla Xanımın bu əməyini Azərbaycan və Gürcüstan Respublikaları çox yüksək qiymətləndiriblər. Ona verilən mükafatlar və fəxri adların siyahısı çox uzundur. Ən böyük fəxri ad isə xalqına xidmət adıdır.
İstədiyiniz yolun yolçuluğunda Sizə yeni nailiyyətlər arzu edirəm, Leyla xanım!
Esmira ƏLƏKBƏRLİ