Dükan uzaqda deyil, gedib-gəlmək yarım saat çəkər, çəkməz. Qulağımızın dibində yəni. İki-üç gündən bir yolumuz dükana düşür və düşməlidir də. Nədən ki, heç nə almasan da, yeməyə-içməyə nəsə almağın gərək. Ayaq üstə durmağın üçün nəsə yeməlisən. Bütün canlılar da belədir. Günboyu böcəklər, quşlar, heyvanlar bəs nədən tüyünürlər? – Yeməkdən ötrü. Bunu kim bilmir.
Elə bu qırmızımtıl dələ kimi. Hasarın üstündən küknar ağacına atılması, ürkək-ürkək o tərəfə, bu tərəfə boylanması, qozaları əmzim-əmzim palıda doğru can atması boşuna deyil. Qarnını doyurmaq istəyindəndir. Bir də, ola bilər ki, gözdən iraq, könüldən qıraq bir daldada balaları yemək gözləyir. Bu da anadır, balalarını ac saxlamayacaq ha. Özünü oda-közə vuracaq ki, çolma-cocuğunu doyursun, başlarını günə gətirsin. Bəs ana başqa cür necə olmalıdır, sizin ağlınızca? Ana elə belə olur da. Üstəlik qabaqdan da soyuğu, şaxtası, qarı-çovğunu ilə yağı kimi qış gəlir. Qışdan çıxmaq gərək deyilmi? Qış qapısının ağzını kəsdirəndə kimə ağız açacaq? Elə qış hazırlığını, ehtiyatını da indidən görmək lazımdır.
Əstəğfürullah, mən dükan-bazara çıxırdım axı? Bu heyvancığaz haradan qabağıma çıxdı, məni yolumdan elədi.
Evin arxa tərəfindən ön tərəfinə keçib küçəyə çıxıram. Ev deyəndə təmir etdiyimiz evi deyirəm. Ağlınıza başqa şey gəlməsin. Elə düşünməyin ki, ev-zad almışam. Siz Allah, məni dilə-ağıza salarsınız, qoyun durduğum yerdə durum. Avropada ev sahibi olmağı asan bir şey sanmayın. Ev sahibi olmaq üçün bir ətək pul gərək. O da, nə gizlədim, bizi kimi adamlarda yoxdur. Bu gedişlə də olması mümkünsüz. Pul atlı, mən yayaq. Söz məsəli yəni.
Mən Steenokkerzeelin dümdüz küçələrindən biri ilə addımlayıram. Steenokkerzeel Brüssel ətrafında bir kənddir. Kənd deyəndə də birtəhər çıxır. Onun şəhərdən heç bir fərqi yoxdur. Paytaxta 10-15 dəqiqəlik bir məsafədə yerləşir, Brüssel hərbi-hava limanının 4 kilometrliyində. Küçələri asfaltlı, tər-təmiz, ən maraqlısı da xətkeşlə çəkilmiş kimi. Nəhəng palıd, yabanı şabalıd, küknar ağaclarının arasında təbiətlə harmoniyada inşa edilmiş evlər xarici görünüşcə təkrarsızdır. Bir-birindən kəskin şəkildə fərqlənir. Hərəsi bir gözəllik, hərəsi bir tamaşa. Hərəsinin öz görünüşü, öz sifəti. Hündürlüyü az qala buludlara çatan bu ağaclar buraların vaxtilə meşəlik olmasından xəbər verir. Belə olmasa da, gördüyüm Avropa ölkələrində meşə sahələrinin miqyası məni belə düşünməyə vadar edir.
Yolboyu düzülmüş evlərin gözəlliyi bir yana, həyətlərdə insan əlinin insan ağlı ilə birləşərək yaratdığı yaşıllıqlar, çiçəkliklər adamı valeh edir. Bəzi evlərin həyəti həmişəyaşıl ağaclardan ibarət çəpərlərlə əhatələnib. Hündürlüyü bir adam boyundan da yüksək olan bu çəpər-hasarlar mahir saç ustasının əlindən yenicə çıxmış kimi göz oxşayır. Baxımlı, səliqəli. Bu yaşıl hasarların arxasındakı evlərin pəncərələri, damları yad baxışlardan özünü gizləmək istəyən yaşınmış qadın görkəmini xatırladır. Köhnəlikdən, nimdaşlıqdan əsər-əlamət gözə dəymir. Təzə gəlin misalı. Kəndin küçələrində, meydanlarında nə bir toza, nə bir gölməçəyə, nə də zir-zibilə rast gələ bilməzsən. Nə başınızı ağrıdım, “yağ tök, yala”.
Küçələr adamsız. İns-cins gözə dəymir. Qu desən qulaq batar. Hərə öz işində-gücündə, evində-eşiyində. Heç uşaq səsi də eşidilmir. Sükutu ana yolda şütüyən maşınların təkərlərinin səsi və hava limanına eniş edən təyyarənin gurultusu pozur. Arada kiminsə işlətdiyi elektrik burğusunun səsi də gəlir. Görünür kimsə evində təmirlə məşğuldur. Evin təmiri, səliqə-sahmanı ilə məşğul olmaq buralarda bir hobbidir. Əslində bir həyat tərzidir deməm daha doğru.
Ana yola çıxıram. Yanımdan maşınlar güllə kimi keçir. Velosiped yolunun kənarıyla irəliləyirəm. Yabanı şabalıd ağacları yarpaqlarını töküb. Payızın əlamətidir yəqin. Havaların yağara düzülməsi də payızın yaxında olmasından xəbər verir. Sən Allah, toy şaxı kimi bəzənmiş alma ağaclarına bir bax! Çıl-çıtraq, budaqları burnuna qədər qıpqırmızı payız alması. Bu da 5-10 günə biçiləsi qarğıdalılıq. Bu da yeyib doymuş inəklərin örüş yeri. İnəklər gələnə-gedənə tamaşa edirmiş kimi uzanıb gövşələmələrində. Daha nə edəsidirlər ki? Allahdan ölüm istəyəsi deyillər ki? Yeməkləri az qala ağızlarının içində, içməkləri burunlarının ucunda. Yelinləri də südlə dolu, paçalarının arasına sığmır. İndi də səvərib yediklərini sinirməkdədirlər.
Az qala yolu keçməyi unudurdum. Ayağımı piyada keçidinə basıram. Sağdan-soldan gələn maşınlar səbirlə mənim yolu keçməyimi gözləməkdə. Mən başımı aşağı salıb yolu keçirəm. Heç bir təhlükə gözlənilməsə də, gözaltı sağıma-soluma diqqət yetirməyi də unutmuram. Dəliyəmmi, canımı çöldənmi tapmışam, ağlımı əppəklə yeməmişəm ki, baxmayam? Nə edim, ağlım biz tərəflərə gedir. İşıqfora, piyada keçidinə əhəmiyyət verməyən özümüzünkülər gözümün qarşısında canlanır. Ana yolu keçərkən, darmacalda niyə bizdə də belə deyil sualı qafamda ildırım kimi çaxır.
Nəhayət “Aldi” supermarketinə çatıram. Mağazaya girib-çıxanlar çoxdur. Hamı tibbi maskada. Mağazanın girişində dezinfeksiyaedici vasitələrdən istifadə sərbəstdir. Alıcı nə almasından asılı olmayaraq içəri alış-veriş arabasıyla girməyə borcludur. Araba alıcılar arasında koronavirusa görə tələb olunan məsafəni tənzimləyən bir vasitə rolu oynayır. Mən də bütün bu tələblərə əməl etmək məcburiyyətindəyəm. Hər dəfə alış-verişə gələndə “bazara girdin, gördün gözü qıpıq, sən də ol gözü qıpıq” məsəlimizin beynimin harasındansa özünü düşüncələrimin arasına pərçim edir. Bu fikirlərimi demədən yazının son nöqtəsini qoymaq istəmədim.
...Deyəsən, yazım uzun alındı. Özüm də fərqindəyəm. Lütfən qüsur saymayın...
Müəllif: Afiq Muxtaroğlu
Belçika Krallığı, paytaxt bölgəsi