Tez-tez eşitdiyimiz “biz kitab oxuyan deyilik”, “bizimkilər kitab oxuyandırlarmı?” kimi düşünənlərin  fikirlərinə bəzi korrektələr etmək istəyimin anlayışla qarşılanacağına böyük ümid bəsləyirəm. Onların düşüncələrində həqiqət payı olmamış deyil.

 

Dünyanın ən az oxuyanlarından olduğumuzu bilirəm. Oxumağın, mütaliənin əksəriyyətimizin uzaq düşdüyü sahə olduğundan da xəbərim var. 20-30 il qabaq mütaliə edənlərin, kitab alanların, qəzet-jurnala abunə olanların sayının dəfələrlə çox olması da yadımdadır.

 

Kitab oxumaq, mütaliə etmək vərdişindən uzaq düşmüş cəmiyyət özünün bu ənənəsini unudub, yadırğayıb. Eyni ailədə böyüklü-kiçikli hamının kitab sevgisinə tutulduğu zaman artıq tarixə çevrilib. Mütaliə məsələsində nəsillərin estafeti, varislik məsələsi haradasa qırılıb.

 

Buraya qədər yazdıqlarımla razı olacağınızdan əminəm. Niyəsini deyimmi? Çünki olanları yazmışam. Yazdıqlarım mövcud acı gerçəkliyin yüzdə biri ola, olmaya.

 

İndi baxaq görək biz niyə oxuyan toplumdan oxumayana çevrildik. Bunun bir “əmmə”si-filanı olmalı deyilmi? Mən bu səbəblərin bir qismini sadalayım, siz də barmağınızı qatlayın. Razı qalmadığınız yerdə barmağınızı qatlamasanız da olar.

 

Birincisi, kitablar bahadır. Düzdür, bizim boş-boş şeylərə xərclədiyimiz böyük pullarla müqayisədə bu bahalıq nəzərəçarpacaq dərəcədə cüzi görünür. Bəzən çörək almağa pul tapa bilməyən birinin kitab almaq üçün pulunun heç olmaması təbiidir və kitab onun düşünəcəyi sonuncu bir şeydir. O, kitaba, yəni mənəviyə meylləndikdə maddi çatışmazlığa, maddiyə imrəndikdə isə mənəvi yoxsulluğa məhkumdur. Özümüzü yorub, onu kitab oxumağa vadar edə bilərikmi?

 

İkincisi, maddi mənəvini üstələyərək bir küncə sıxışdırıb. Maddiyyatın ilk sırada durduğu bir yerdə mənəvi öz varlığını güc-bəla qoruyur, mənəvi maddi olanın kobud davranışları altında əzilməklə məşğuldur. İnsanların əşyaları ilə öyündüyü, az qala həmin əşyalara tapındığı zamanın içindəyik. Belə bir mühitdə mənəvi olandan, kitab da bura daxildir, danışmaq belə artıqdır.

 

Bu abzası da mütaliə etməməyimizin üçüncü səbəbi hesab edin. Dünya gör-götür dünyasıdır. Gözünü açıb hamının puldan, sərvətdən danışdığını eşidən, maddi sərvəti bol olanların başa çəkildiyini, dəryaca ağlı olanların maddi yoxsulluğunun başına qaxınc edildiyini görən uşağa mənəvi zənginlik qaynağı saydığımız kitabı sevdirə bilərikmi? Belə bir mühitdə böyüyən uşağa kitab oxumağın fəzilətlərindən danışsaq bilirsinizmi bizə nə cavab verəcək? Onun cavabını təxmin etmək belə adamı vahimələndirir. Yəqin ki, cavab: “Siz oxuyub nə qazanmısınız, mən oxuyub nə qazanacam”, – olacaq. O, qazanc deyərkən, yüzdə yüz maddi qazancı nəzərdə tutacaq. Bir parça uşaqdan alacağımız cavab bundan artıqmı olasıdır ki? Yenə sağ olsun, daş götürüb başımızı yarmır.

 

Gəldik mövzumuzun ən yağlı yerinə. Bunu kitabsızlaşmamızın başında duran səbəb kimi də təqdim etmək olar. Texnoloji yeniliklərin sürətli inkişafı, internet resurslarının məlumat bazasının hər ötən saniyədə daha da zənginləşməsi, sosial şəbəkələrin yağışdan sonrakı göbələk misalı artması kitabı bir mənəvi qaynaq kimi arxa plana ataraq, onu gərəksiz bir vasitəyə çevirməkdədir.

 

Bəşəriyyət virtual bir dünyanın içinə dalmış duruma düşməkdədir. Bəlkə də artıq o dünyanın içərisindədir, nədənsə mən yazmaq istəmirəm. Yəni belə də olması mümkündür.

 

Bir anda internet vasitəsilə istənilən kitabı endirmək su içimi qədər asanlaşıb. Yaxın keçmişdə dünyanın əlçatmaz saydığımız istənilən kitabxanasından istənilən mövzuda, istənilən dildə kitab endirib oxumaq imkanları yaranıb. Ona görə də, başda  kitab olmaqla çap məhsullarına  tələb azalıb. Dərsə girərkən, dərsdən çıxarkən əlində sinif jurnalı görməyə adət etdiyimiz müəllimi planşetində qeydlər aparan müəllimin əvəz etməsi qoyduğumuz problemin gerçəkliyini anlatmaq baxımından ən etibarlı tutalğacımızdır. Yaxın bir neçə il ərzində heç məktəbə, müəllimə ehtiyac qalmayacağını proqnozlaşdıranlar var. Artıq robot jurnalistlərin xəbər yazdığı, robotların dərs keçdiyi acı da olsa, bir gerçəkdir.

 

Başqa bir səbəb də deyim ki, mənzərə tam ətə-qana dolsun. Bir neçə on il əvvəl insan informasiyanı ağ-qara televizorlardan, xışıltısı qulaq batıran radiolardan, qəzet və jurnallardan alırdı. Mənəvi boşluğunu kitab oxumaqla, sovetin məsləhət bildiyi filmlərə baxmaqla, bunlar olmadıqda yaşlıların danışdığı nağılları, aşıqların söylədiyi dastanları dinləməklə doldururdu. Başqa alternativ yox idi. İndi məlumat qaynaqlarının sayı-hesabı bilinmir, gecə-gündüz fərqli kanalları, proqramları izləmək imkanları tükənməzdir. Bir roman əsasında çəkilmiş serialları seyr etmək üçün tamaşaçı illərini xərcləyir. Bir neçə saata oxuduğun bir romanın ekran həlli artıq aylardır, bəlkə də illərdir ki davam edir. İnanmırsınızsa yoxlaya bilərsiniz. İclal Aydının “Üç bacı” (türkcəsi “Üç kız kardeş”) romanını oxuyun, sonra da neçənci bölümünün nümayiş etdirildiyini unutduğum serialı izləyin.

 

Belə demək mümkünsə, daş dövrü daşın yoxluğundan deyil, metalın daşı sıxışdırıb sıradan çıxarması ilə başa çatdı.

 

Artıq klassik kitabı da texnokitab bir küncə qısnayaraq, hər ötən gün öz meydanını genişləndirməkdədir. Kağızın icadına qədər insanlar daş, gil, papirus üzərində yazmırdımı? Kağız onları tarixin tozlu sandığına yığmadımı? Əlyazmaları çap maşını keçmişdə qalmış fakta çevirmədimi? Düzdür cüzi istisnalarla məhdud şəkildə bundan indi də istifadə olunur. İstisnalarısa hər zaman tapmaq mümkündür.

 

...Sonda biz formasını, şəklini dəyişmiş kitablar oxuyuruq deməkdən özümü saxlaya bilmirəm...

 

Müəllif: Afiq Muxtaroğlu