Gürcüstan, zəngin təbiəti və əlverişli iqlim şəraitinə baxmayaraq, təəsüf ki, illik ərzaq tələbatını tam ödəyə bilmir. Ölkə kənd təsərrüfatı sahəsində mövcud potensialından tam istifadə edə bilmədiyi üçün ərzaq məhsullarının əhəmiyyətli hissəsini xaricdən idxal edir. Bu vəziyyət Gürcüstanın ərzaq təhlükəsizliyində xarici bazarlardan, xüsusilə də Türkiyə və Rusiyadan asılı vəziyyətdə qalmasına və yerli iqtisadi inkişafın məhdudlanmasına səbəb olur.

 

Ölkənin kənd təsərrüfatı statistikalarına görə, Gürcüstanın ümumi kənd təsərrüfatı məhsulları istehsalı əhalinin ehtiyaclarını tam ödəmək üçün kifayət deyil. Ölkədə istehsal olunan əsas ərzaq məhsulları arasında taxıl, tərəvəz, meyvə və süd məhsulları mövcuddur. Lakin əhalinin artan tələbatını nəzərə aldıqda, yerli istehsal hələ də kifayət qədər genişlənməyib. Məsələn, 2023-cü ilin taxıl məhsulları üzrə istehsal ümumi daxili tələbatın təxminən 60-70 %-ni qarşılaya bilir. Qalan hissə isə idxal vasitəsilə təmin edilir ki, bu da həm yerli istehsalçılar, həm də istehlakçılar üçün qiymət artımı və xarici bazarlardan asılılıq yaradır.

 

Gürcüstan kənd təsərrüfatının inkişafı üçün müəyyən addımlar atsa da bunlar ölkənin ərzaq tələbatını ödəmək üçün kifayət deyil. Əsas səbəblərdən biri, yerli istehsalın yüksək xərclərlə başa gəlməsidir. Gürcüstanlı fermerlər əkinçilik texnologiyaları, keyfiyyətli toxum, gübrə və suvarma sistemləri kimi əsas təchizatlara çıxışda çətinliklərlə üzləşirlər. Nəticədə, yerli kənd təsərrüfatı məhsullarının maya dəyəri yüksəlir və bu məhsullar xaricdən idxal olunan məhsullarla müqayisədə daha baha olur. Fermerler buna görə ya başqa təsərrüfat sahəsinə keçir və ya gəlirin az olması səbəbiylə ümumiyyətlə təsərüffat sahəsini tərk edirlər.

 

Bundan başqa, Gürcüstanda kənd təsərrüfatı infrastrukturunun kifayət qədər inkişaf etməməsi də əhəmiyyətli bir problemdir. Məhsulun daşınması, saxlanılması və satışa çıxarılması üçün lazımi infrastrukturun zəif olması məhsul itkilərinə səbəb olur və kənd təsərrüfatı sektorunu daha az cəlbedici sektor edir. Bu şərtlər altında fermerlər iqtisadi baxımdan davamlı olmayan şəraitdə fəaliyyət göstərməyə çalışır və gəlirlərini artırmaqda çətinlik çəkirlər.

 

Gürcüstanın ərzaq tələbatını ödəyə bilməsi və kənd təsərrüfatı sektorunu gücləndirə bilməsi üçün bir neçə mühüm tədbirin görülməsi vacibdir. İlk növbədə, fermerlər üçün təchizat və texnologiyaların daha əlçatan edilməsi məqsədilə dövlət dəstəyi artırılmalıdır. Bu, keyfiyyətli toxum və gübrələrin daha münasib qiymətlərlə təmin edilməsi və müasir suvarma sistemlərinin inkişaf etdirilməsi ilə həyata keçirilə bilər. Fermerləri öz məhsullarını yerli bazara çıxarmağa həvəsləndirmək üçün subsidiyaların həcmi artırılmalıdır. Belə bir dəstək yerli fermerlərin daha məhsuldar işləməsinə və məhsulların maya dəyərinin azalmasına kömək edər.

 

Bununla yanaşı, kənd təsərrüfatı infrastrukturunun təkmilləşdirilməsi də mühüm rol oynayır.

 

Anbar və soyuducu təsislər, habelə məhsulun daşınması və emalı üçün infrastrukturun gücləndirilməsi məhsul itkilərini azaltmağa və daha çox məhsulun daxili bazara çıxarılmasına imkan verər. Bu istiqamətdə dövlət və özəl sektor arasında əməkdaşlıq inkişafı sürətləndirmək üçün əhəmiyyətli addım ola bilər.

 

Hazırda Gürcüstanın işçi qüvvəsinin 8,2 %-i kənd təsərüffatında çalışır və bu rəqəmlər hər gün getdikcə azalmaqdadır. Fermerlərlə yanaşı bu sahəyə maraq göstərən gənclərin sayının da azalması kənd təsərüffatını ciddi təhlükəyə atır.

 

Yerli kənd təsərrüfatı sektorunun inkişafı Gürcüstan iqtisadiyyatına geniş təsir göstərə bilər. Ölkə öz ərzaq tələbatını ödəməyə başladıqdan sonra iqtisadiyyat daha dayanıqlı və rəqabət qabiliyyətli olacaq. Gürcüstanın daxili ərzaq təminatını ödəməklə qlobal iqtisadi çalxalanmalardan və idxal qiymətlərindən asılılığı azalacaq. Yerli bazarın tələbatını tam ödədikdən sonra artıq istehsal olunan məhsulu ixrac etmək potensialı da mümkündür. 2023-cü ilin idxal-ixrac göstəricilərinə baxdıqda görürük ki, Gürcüstanın xaricə ixrac etdiyi malların ümumi dəyəri 6,09 milyard ABŞ dollarıdırsa, ixdal edilən malların dəyəri 15,43 milyard ABŞ dollarına bərabərdir. Bu isə öz növbəsində 2 dəfədən çox mənfi saldo yaradır.

 

Əgər ən azından gündəlik qida məhsullarının idxal miqdarını yerli məhsullar hesabına azalda bilsək bu, milli iqtisadiyyatı daha sabit və güclü edəcəkdir.

 

Ümid edək ki, Gürcüstanın ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı sektorunun gücləndirilməsi üçün atılacaq addımlar yalnız ərzaq təminatına deyil, eyni zamanda ölkənin iqtisadiyyatının bütövlükdə inkişafına xidmət edəcəkdir. Yerli istehsalın artırılması, idxal asılılığının azaldılması və daxili bazarın tələbatının qarşılanması Gürcüstanı ərzaq təhlükəsizliyi baxımından daha güclü və özünə yetərli bir ölkə halına gətirəcəkdir.

 

Səlahəddin PİRİYEV